...

DQİDK-da Robert Mobiliyə "Şöhrət"ordeninin təqdim edilməsi mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2014 13:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
DQİDK-da Robert Mobiliyə "Şöhrət"ordeninin təqdim edilməsi mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Trend-in məlumatına görə, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Robert Mobiliyə "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib.

"Şöhrət" ordenini Robert Mobiliyə DQİDK sədri Mübariz Qurbanlı təqdim edib.

Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Tarixin bütün dövrlərində ölkəmizdə dinlərarası problem yaşanmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Robert Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar üçün bərabər şərait mövcuddur.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Alban-Udi xristian dini icmasının ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından keçməsi olub. Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri - Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilib.

Dövlət Komitəsinin sədri bildirib ki, hazırda udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Prezidenti İlham Əliyevin bu qəsəbəyə iki dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Çıxış edən Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ölkə Prezidenti İlham Əliyevin bu Sərəncamını yüksək qiymətləndirib və ölkə Prezidentinə təşəkkür edib.

Robert Mobili bildirib ki, 170 il bundan əvvəl Rusiya çarı tərəfindən Alban kiləsi Erməni-Qriqorian Kilsəsinin birbaşa tabeçiliyinə verilib. Lakin udilər öz dili, mədəniyyəti və Alban kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək kilsəyə getməyib, ibadətlərini evlərində ediblər. Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət Azərbaycan müstəqillik qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən dirçəlişə nail olublar.

Dini konfessiya rəhbərləri çıxış edərək Robert Mobilini təbrik ediblər və ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti