...

Azərbaycanda məişət zorakılığının qarşısının alınmasında dini qurumların potensialından istifadə ediləcək

Cəmiyyət Materials 28 Noyabr 2014 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında birgə işin təşkilinə dair 2015-2016-cı illər üçün tədbirlər planı imzalanıb.

Trend xəbər verir ki, sənəd hər iki Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanıb.

Planı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova imzalayıblar.

Sənəddə qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin zəruriliyini, gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini etiraf edərək, bu istiqamətlərdə dini qurumlarla və icmalarla əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək bir sıra tədbirlərin birgə həyata keçirilməsi barədə razılığa gəlirlər.

Respublika ərazisində qadın və uşaq hüquqlarının qorunmasında, eləcə də məişət zorakılığının qarşısının alınmasında dini qurumların potensialından istifadə mövzusunda seminar-treninqlər, ailə institutunun qorunması, eləcə də milli-mənəvi dəyərlərin təbliği sahəsində beynəlxalq və respublika səviyyəsində müsabiqələr təşkil ediləcək.

Eləcə də, dini qurumların və aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, dindarlar üçün qadın və uşaq hüquqları sahəsində maarifləndirici təlim kursları və mühazirələrin, erkən nikahlarla bağlı maarifləndirmə işinə dini icmaların cəlb edilməsi məqsədilə dini konfessiyaların nümayəndələri üçün treninqlərin keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, hər iki Dövlət Komitəsi dini konfessiya nümayəndələrinin iştirakı ilə yetkinlik yaşına çatmayanlar arasında zərərli vərdişlərin aradan qaldırılması mövzusunda maarifləndirici tədbirlərin və "İslam və ailə dəyərləri" mövzusunda regional konfransların keçirilməsini planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti