Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda 2014-2015-ci tədris ilində ali təhsilin magistratura səviyyəsi üzrə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu fevralın 3-dən 12-dən aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də, proqram seçimi 1-10 apreldə, qəbul imtahanının II mərhələsi aprelin 26-da olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə mayın 7-12-də, boş qalan yerlərə əlavə ixtisaslaşma seçimi 22-28 iyunda aparılacaq.
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 16-23 fevralda həyata keçiriləcək.
Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi 15 martda, 2-ci mərhələsi 7 iyulda, ixtisaslaşma seçimi 10-14 iyulda, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 21-24 iyulda olacaq.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 5, 12, 19-da və mayın 3-də keçiriləcək.