...

İrana casusluq edənlərə 27 il iş verdilər

Cəmiyyət Materials 5 Fevral 2015 11:41 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi başa çatıb.
İrana casusluq edənlərə 27 il iş verdilər

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Faiq Qurbanov 14 il, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər.

İttihamda qeyd olunub ki, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və s. kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib. Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub.

Seymur Rzazadə Qaffariyə "mən Allah ordusuna əsgər seçilirəm" məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda möminlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəranın bəzi dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.

İstintaq sənədlərinə görə, Seymur Rzazadə Lənkəranın polis rəisi, sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub bölgəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqqında məlumatlar toplayaq Qaffariyə ötürüb.

Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti