Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "WhatsApp", "Skype" və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil.
Trend-in məlumatına əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında WhatsApp-ın səs xidmətlərinin tətbiq edilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, WhatsApp-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: "Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir".
İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: "Bu baxımdan məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil".