Azərbaycan, Bakı, 21 aprel /Trend/
Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi CAR-ın Fri Steyt əyalətində yerləşən Fri Steyt Universitetində (University of Free State) keçirilən "Xaricdə təhsil" adlı beynəlxalq yarmarkada artıq üçüncü dəfə iştirak edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, yarmarkanın təşkil edilməsində əsas məqsəd Cənubi Afrika gənclərinə və müəllim heyətinə xarici təhsil ocaqları və ölkələr haqqında məlumat vermək, həmçinin müxtəlif universitetlərdə təhsil almaq imkanı yaratmaqdır.
Yarmarkada Azərbaycan səfirliyi üçün ayrılmış xüsusi guşədə tələbələrə səfirlik əməkdaşları tərəfindən ADA Universiteti və ölkəmizin digər dövlət və özəl universitetləri, CAR-da Azərbaycan Dostları adlı qeyri-hökumət təşkilatı və Azərbaycan haqqında ümumi məlumatlar əks olunan broşürlər paylanıb.
Həmçinin yarmarkada ölkəmizin tarix və ənənələrini əks etdirən müxtəlif suvenir, kitablar və videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, yarmarkada CAR-da fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilat və 15-dan artıq digər səfirlik iştirak edib.
Bir günlük təşkil edilən yarmarkada iştirak edən minlərlə Cənubi Afrika və digər qonşu ölkələrdən səfər edən tələbə və müəllim Azərbaycan səfirliyinin guşəsini ziyarət edib, Azərbaycan universitetləri və ümumilikdə Azərbaycan haqqında geniş məlumat əldə ediblər.
Tədbir yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılıb.