...

"İrəli" İctimai Birliyi "Dostlarla Oyunlara!" kampaniyasına başladı (FOTO)

Cəmiyyət Materials 2 İyun 2015 14:15 (UTC +04:00)
“İrəli” İctimai Birliyi “Dostlarla Oyunlara!” kampaniyasına start verib.
"İrəli" İctimai Birliyi "Dostlarla Oyunlara!" kampaniyasına başladı (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyi "Dostlarla Oyunlara!" kampaniyasına start verib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, "İrəli" İctimai Birliyi iyunun 1-dən etibarən "DO!" - "Dostlarla Oyunlara!" kampaniyasına başlayıb. Kampaniyanın məqsədi uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına dəstək verməkdir.

"DO!" - "Dostlarla Oyunlara!" kampaniyasına qoşularaq həm Bakı 2015 ilk Avropa Oyunlarının tərkib hissəsi olacaq, həm də uşaq evlərindəki və məhəllələrdəki mövcüd idman infrastrukturunun daha da yaxşılaşdırılmasına dəstək olaraq idmanının inkişafına yardımçı olacaqlar.

"İrəli" İctimai Birliyinin Bakı-2015 ilk Avropa Oyunlarına dəstək çərçivəsində başlatdığı "DO!" kampaniyasına 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə start verilib və ilk olaraq bu kampaniya çərçivəsində kimsəsiz uşaqlara sevinc bəxş edilib. Kampaniyanın ilk mərhələsində kimsəsiz uşaq evində tədbir təşkil edilib. Tədbir çərçivəsində kimsəsiz uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək göstərilməsi məqsədilə onlara idman ləvazimatları hədiyyə olunub. Tədbir maraqlı və əyləncəli oyunlarla davam edib.

Bundan əlavə, paytaxtın doqquz müxtəlif məkanında və səyyar şəkildə müxtəlif regionlarda (Gəncə, Şəmkir, Mingəçevir, Quba, İsmayıllı və s.) stendlər quraşdırılıb. İstənilən şəxs quraşdırılan stendlərə hər gün saat 13:00-dan 21:00-a qədər yaxınlaşaraq, hazırlanmış xüsusi qolbaqları əldə edib kampaniyaya qoşula bilər.

Qeyd edək ki, kampaniya iyun 28-dək davam edəcək.

Bakıda stendlərin yerləşdiyi ərazilər:

- "Park Bulvar" alış-veriş mərkəzi

- "28 Mall" alış-veriş mərkəzi

- "Metropark" alış-veriş mərkəzi

- "İrəli" İctimai Birliyinin ofisi

- Fəvvarələr Meydanı

- Qoşa Qala qapısının yanı

- Dənizkənarı Milli Park (Azərbaycan Dövlət Kukla Teatrının yanı)

- Dənizkənarı Milli Park (paraşüt qülləsi)

- Nizami 81 küç. ("Şaurma"nın yanı)

Birliyin sədri Mirhəsən Seyidov bildirib ki, Bakı-2015 ilk Avropa Oyunları Azərbaycanın özünü dünyada tanıtması üçün gözəl fürsətdir: "Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti