Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 17 dini icmaya şəhadətnamələr təqdim edilib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən müxtəlif dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir. Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində hazırda çox mühüm uğurlar əldə edilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli-mental dəyərlərimizə, dinimizə uyğun qaydaların təsbit olunduğunu vurğulayan Komitə sədri dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolu olduğunu bildirib.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən Dövlət Komitəsinin sədri icmaları daha fəal olmağa, yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə çağırıb.
M.Qurbanlı dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərilən diqqət və qayğıya görə təşəkkür edib, rəhbərlik etdikləri icmalarda dini sabitliyi qoruyub saxlamaq üçün əllərindən gələni edəcəklərini, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını bildiriblər.
Sonda Ramazan ayı münasibətilə toplantı iştirakçılarını təbrik edən Dövlət Komitəsinin sədri M.Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.