...

Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Cəmiyyət Materials 15 İyul 2015 13:19 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, Anlaşma Memorandumunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşov imzalayıblar.

Demokratik cəmiyyətdə medianının əhəmiyyətini əsas götürməklə, Milli Məclislə Mətbuat Şurası arasında sıx əməkdaşlığın böyük fayda verə biləcəyinə inanaraq, tərəflər bir sıra sahələrdə əməkaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Sənəd Milli Məclisin fəaliyyəti barədə ictimiayyətə geniş məlumat verilməsi və bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılmasını, Milli Məclisdə qanun və qərarların qəbulu prosesində Mətbuat Şurasının (va ya kütləvi informasiya vasitələrinin) təmsilçilərinin iştirakının təmin edilməsini, Azərbaycanın parlamentarizm ənənələrinin mediada təbliği məqsədi ilə jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkilini, eləcə də Milli Məclisin beynəlxalq fəaliyyətinin işıqlandırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsini nəzərdə tutur.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin də iştirak etdiyi mərasimdə çıxış edən N.Cəfərov bildirib ki, bu günlərdə 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatı Azərbaycan milli şüurunun formalaşmasında və inkişaf tarixində mühüm rol oynayıb. Onun sözlərinə görə, 140 il mətbuat tarixi üçün böyük hadisədir.

Millət vəkilinin sözlərinə görə, bəzi mütəxəssislər bu tarixin daha əvvəlki dövrlərə gedib çıxdığını iddia edirlər. 17-18-ci əsrlərdə Azərbaycanda yaxşı publisistikanın mövcud olduğunu deyən N.Cəfərov bu əsərlərin kitablarda saxlandığını açıqlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə münasibətinin dünyaya nümunə ola biləcəyini deyən Parlamentin Komitə sədri Azərbaycan jurnaslitikasının da buna öz peşəkarlığı ilə cavab verməyə çalışdığını deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan mətbuatı ilə Azərbaycan parlamentarizmi bir-biri ilə sıx bağlıdır: "Mətbuatla bağlı ilk nizamnamə məhz parlamentdə qəbul edilib. 1998-ci ildə KİV üzərində senzura götürüldükdən sonra isə Azərbaycan mediası ilə bağlı qanunvericlik yenidən hazırlandı və bu qanunvericlik bazası MDB məkanında ən mükəmməl sənəd hesab edilir".

Ə.Amaşov bildirib ki, hazırda məqsəd xalqa parlamentarizm ruhu aşılamaq və onu Milli Məclisin işi ilə daha yaxından tanış etməkdir. Onun fikrincə, bu gün imzalanan Memorandum bu fəaliyyətə öz müsbət nəticələrini verəcək.

Tədbirdə çıxış edən deputat Məlahət İbrahimqızı və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə isə mətbuatın cəmiyyətdə böyük rol oynadığını vurğulayıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün imzalanan sənəd jurnalistlərə və xalqa Azərbaycan parlamenti ilə daha yaxından tanış olmaq şəraiti yaradacaq, eləcə də Milli Məclislə media arasında daha sıx əməkdaşlığa nail olunmasına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti