...

FHN Sumqayıtda dəniz sahilində yerləşən obyekt sahiblərinə xəbərdarlıq etdi (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2015 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İlkin İzzət/

Sumqayıtda Xəzər dənizinin sahilində yerləşən kafe və restoran sahiblərinə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xəbərdarlıq edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətindən (DSXX) Trend-ə bildiriblər ki, Xidmət qeyri-çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyektlərində monitorinqlər aparır. Məqsəd çimmək üçün qadağan olunmuş su hövzələrində baş verən suda boğulma hallarının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsidir.

DSXX Sumqayıt Regional Mərkəzi və Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə avqustun 10-14-də Xəzər dənizinin Sumqayıt şəhər ərazisi üzrə sahil zolağında, qeyri-çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyektlərində monitorinqlər aparıb.

Monitorinqlər zamanı sahil zolağında fəaliyyət göstərən istirahət obyektlərinin rəhbərlərinə su hövzələrində təhlükəsizlik və davranış qaydaları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər çatdırılıb. Eyni zamanda, həmin qaydalardan çıxarışlar və FHN-nin DSXX-nın rəhbərliyi adından rəsmi müraciət təqdim olunub.

Müraciətdə ərazidə yerləşən istirahət və ictimai iaşə obyektlərinə, həmin ərazilərdə istirahət edən insanların sularda təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi və eyni zamanda, sularda təhlükəsizliyin təmin olunması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.

Aparılan monitorinqlər zamanı su hövzələrinin sahil zolağında insanların təhlükəsizliyi və istirahəti, eyni zamanda, xilasetmə əməliyyatları zamanı maneə yaradacaq amillər araşdırılıb. Bundan başqa, insanların təhlükəsizliyi və baş verə biləcək fövqəladə hadisələr zamanı yerli icra orqanlarının üzərinə düşən vəzifələr və qarşıya çıxan problemlərin həlli yolları təhlil olunub.

Monitorinqlər zamanı Xəzər dənizinin Sumqayıt şəhər ərazisi üzrə sahil zolağında azyaşlı uşaqların, yeniyetmələrin, qeyri-çimərlik ərazilərində spirtli içki qəbul etmiş şəxslərin, mövsümi fəaliyyət göstərən kafe və restoranların ərazisində təhlükəsizlik tədbirləri görülmədən insanların kütləvi şəkildə istirahət etdikləri müşahidə olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı vətəndaşlara və yerli icra orqanlarının əməkdaşları ilə birgə ərazidə yerləşən 30-dan artıq istirahət obyektinlərinin rəhbərliklərinə xəbərdarlıq olunub. Onlara su hövzələrində təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar çatdırılıb. Bundan başqa, sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatlar əks olunan təbliğat materialları paylanılıb.

Qeyd edək ki, Xidmət tərəfindən çimmək üçün qadağan olunmuş su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısının əvvəlcədən alınması və profilaktik tədbirlərin həyata keçirilməsi üçün çimərlik və qeyri-çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyektlərində monitorinqlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti