...

Milli Qəhrəmanın xatirəsi “İsgəndər qalası”nda yad edilib (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2015 19:30 (UTC +04:00)
Gədəbəy rayonunda, düşmənlə təmas xəttində “İsgəndər qalası” deyilən yenilməz və möhtəşəm bir qala var. Bu qala neçə illərdir ki, düşmənə göz dağı olmaqla yanaşı, həm də igid oğullarımızın keşiyində ayıq-sayıq dayandığı quşkeçməz bir səngərdir.
Milli Qəhrəmanın xatirəsi “İsgəndər qalası”nda yad edilib (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Gədəbəy rayonunda, düşmənlə təmas xəttində "İsgəndər qalası" deyilən yenilməz və möhtəşəm bir qala var. Bu qala neçə illərdir ki, düşmənə göz dağı olmaqla yanaşı, həm də igid oğullarımızın keşiyində ayıq-sayıq dayandığı quşkeçməz bir səngərdir. Bu qalanın daşına, qayasına neçə-neçə nər cüssəli Vətən oğlunun müqəddəs qanı çilənib. Bu qalanın müdafiəsi uğrunda neçə-neçə igidimiz şəhidlik zirvəsinə ucalıb. Onlardan biri də adı bu qalada əbədiləşən Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurovdur.

Həlak olduğu vaxtdan 22 il keçsə də, ahıska türkü İ.Aznaurovu nə gədəbəylilər, nə də hərbi qulluqçularımız heç vaxt unutmurlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 16-da ad günündə yenə də igid topçunun xatirəsi hörmət və ehtiramla yad edilib.

Əvvəlcə anım mərasimində iştirak etmək üçün bölgəyə gələn Müdafiə Nazirliyinin rəsmiləri, veteran döyüşçülər hərbi hissənin qərargahı qarşısında ucaldılmış qəhrəmanın büstü önünə qırmızı qərənfillər düzərək xatirəsini yad ediblər. Sonra maşın karvanı "İsgəndər qalası"na doğru istiqamət götürüb.

"İsgəndər qalası"nda xatirə lövhəsi önündə keçirilən anım mərasimində polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulur, onların adları əbədiləşdirilir, həyat və döyüş yolları yetişməkdə olan gənc nəsil üçün örnəkdir.

Qeyd olunub ki, İsgəndər Aznaurov Özbəkistan Respublikasının Buxara Vilayətinin Qala-Asiya kəndində anadan olub, Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra Daşkənd İrriqasiya İnstitutunda təhsil alıb. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb. 1990-cı ildə Özbəkistanda milli zəmində toqquşmalar baş verəndə ailəsi ilə birlikdə Azərbaycana pənah gətirib. Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar.

Erməni işğalçılarının torpaqlarımıza basqını İsgəndərin də qəlbini qəzəb və intiqam hissi ilə coşdurub və o, 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan ordusunun sıralarına daxil olub.

İsgəndər Aznaurov peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verilməsində şəxsi rəşadət və şücaət nümunələri göstərib.

Polkovnik Oruc Abdullayev isə çıxışında qeyd edib ki, İsgəndər bu zirvədən düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni yaraqlısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. Döyüşçülərimiz İsgəndərin qəhrəmanlıq ənənələrini bu gün də yaşadırlar.

Baş leytenant Xələfi Mübariz Nazdıxanyal uğrunda gedən döyüşlərdə İsgəndərin göstərdiyi qəhrəmanlıqlar haqqında aşıqların dastan qoşduğunu dilə gətirib.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin veteranı Məhəmməd Vəliyev İsgəndər Aznaurovun 1993-cü ilin 18 aprelində həlak olduğunu xatırladaraq qeyd etdi ki, qəhrəman qardaşımıza yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə yenidən qayıdışından sonra layiq olduğu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib, xatirəsi əbədiləşdirilib.

"İsgəndər qalası"nın müdafiəçilərindən Rövşən İsmayılov, Səxavət Eldarov, Darvin Seyidov, Samir Abduləzimov və başqaları çıxış edərək bildirdilər ki, İsgəndər öz qanı bahasına bu qalanı qoruyub. Biz də "İsgəndər qalası"nın keşiyində ayıq-sayıq dayanmışıq. Vətən qarşısında əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirir, Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq. "İsgəndər qalası" düşmənə göz dağıdır. Hər gün atəşkəs rejimi bir neçə dəfə pozulsa da, biz onları vaxtında susdurur, göz açmağa qoymuruq. Xalqımız və qəhrəman İsgəndərin övladları əmin olsunlar ki, biz Milli Qəhrəmanımızın qisasını qat-qat artıqlaması ilə almışıq və igid İsgəndərin davamçıları tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızı azad edərək xalqımızı qələbə müjdəsi ilə sevindirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti