Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda sosial mənzillərin tikilməsi ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında gündəmə gətiriləcək. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, sosial mənzillərin tikilməsi və güzəştli şərtlərlə insanlara verilməsi ilə bağlı ya bir qanun qəbul edilməli, ya da bu məsələ aktuallaşdırılaraq Nazirlər Kabinetinin nəzərinə çatdırımalıdlr:
"Hər il Azərbaycanda 80-85 min arası insan evlənir və onların çoxunun yeni mənzillərə ehtiyacı var. Düzdür, ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir, amma bunlar kifayət etmir, hər kəsin əmək haqqı ipoteka ilə mənzil almağa imkan vermir. Mənzil problemini həll etmək üçün dünya dövlətlərinin sosial evlərin tikilməsi və uzun müddətə insanlara verilməsi sahəsində çox gözəl modeli var. Hesab edirəm ki, onu Azərbaycana tətbiq etmək olar".
M.Quliyev bildirib ki, təcrübəyə əsasən, sosial mənzillər kirayə müqaviləsi bağlanmaqla insanlara verilir, amma o, vətəndaşın öz evidir:
"Tutaq ki, 20-25 il ərzində ayda 200-250 manat verməklə bunu həyata keçirmək olar. Sosial mənzillərin tikilməsi üçün müvafiq bir fond da yaratmaq olar. İşçi ilə işəgötürən hərəsi ora müəyyən faiz vəsait də toplaya bilər və yaxud da ki, dövlət özü bunun üçün müəyyən vəsait ayıra bilər".
M.Quliyev hesab edir ki, bu modellə mənzil problemini səmərəli şəkildə həll etmək olar: "Belə təcrübə bir çox dünya dövlətlərində tətbiq olunub və çox gözəl nəticə verib. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən istifadə etməlidir. Parlamentin payız sessiyasında bu məsələni qaldırmaq niyyətindəyəm".
Qeyd edək ki, M.Quliyev sosial mənzillərin tikilməsi ilə bağlı təkliflər irəli sürüb, lakin məsələ hələ Milli Məclisdə gündəliyə gətirilməyib.