...

AzVision.az-ın baş redaktoru: "Saytların yüksək liqasında yarışırıq" (MÜSAHİBƏ)

Cəmiyyət Materials 1 Oktyabr 2015 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/

Bu gün AzVision.az xəbər portalının 3 yaşı tamam olur. Üç il bundan əvvəl fəaliyyətə başlayan sayt öz dəsti xətti ilə Azərbaycanda gündən-günə artan xəbər resursları içərisində kifayət qədər nüfuz qazana bilib. Saytın baş redaktoru Vüsal Məmmədov indiyə kimi gördükləri və bundan sonra görəcəkləri işlər barədə Trend-ə müsahibə verib. Müsahibəni sizə təqdim edirik.

- "AzVision" üç ildir fəaliyyət göstərir. Üç il az vaxt deyil. Bu üç ildə nələrə nail oldunuz?

- Düşünürəm ki, AzVision.az ölkədə xəbər gündəminə və ictimai fikrə təsir imkanı olan saytlardandır. İdman termini ilə desəm, saytların yüksək liqasında yarışırıq. Belə olmasa, bir saytın mövcudluğunun anlamı qalmaz - əlbəttə, əgər o, hansısa cılız maraqlara xidmət etmək üçün yaradılmayıbsa. AzVision.az isə böyük maraqlara hədəflənib. Üç illik qısa bir zamanda ölkənin gündəminin müəyyən edilməsində rolu olan media resurslarından birinə çevrilməyimizi əsas uğurumuz hesab edirəm.

- Qarşıdakı planlarınız nədir, oxcularınız üçün yeniliklər olacaqmı?

- Azərbaycanın xəbər məkanında daha da möhkəmlənmək, ciddi və sanballı təhlillərlə oxucunun analitik materiallara olan tələbatını ödəmək, xarici media müstəvisinə çıxaraq, orada ölkənin milli maraqları üçün çalışmaq. Bunun üçün ingilis dili versiyamızı gücləndiririk. Hazırda "en.AzVision.az" ölkənin ingilis dilində oxunan və paylaşılan əsas resurslarından biridir. Alman dili versiyamızı yaratmışıq, yaxın günlərdə fransız dili versiyamız da işə düşəcək... İşlər çoxdur... Nəzərə alsaq ki, AzVision ailəsinə başqa saytlar da daxildir, onda lap çox... Xüsusilə bizim yumor saytımız Kirpi.info-dan yaxın həftələrdə çox maraqlı bir sürpriz gözləyin.

- Azərbaycanda gündən-günə artan saytlar içərsində AzVison.az gündəmdə qalmağı necə bacarır?

- Əlbəttə, mən sizə media marketinqi haqqında xeyli danışa bilərəm. Amma əsas məsələ bu deyil. Biz sadəcə işimizi görürük, çalışırıq ki, daha yaxşı görək, bacardığımızı ən yaxşı səviyyədə edək. Qalanı artıq cənab və əlahəzrət oxucunun öhdəsindədir. Oxucu hiss edir ki, ona təqdim olunan işə nə qədər əziyyət, zəhmət, enerji sərf olunub və özü o enerjini hiss edir, alır. Bu onu həmin media orqanına bağlayır. Amma əlbəttə ki, sırf jurnalistika baxımından yanaşsaq, AzVision.az-ın ciddiliyi, eyni zamanda yumoru, xəbər seçimi, təqdim etdiyi aktual təhlillər bu saytın proseslərə kompleks baxış xəttini formalaşdırır. Yəqin ki, bizim yürütdüyümüz bu xəttə media bazarında maraq var, ona görə də gündəmdə qalmağı bacarırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti