Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
İtaliyanın məhşur "La nostra Gazetta" qəzetində Azərbaycan-İtaliya mühasibətləri haqqında məqalə dərc olunub. Trend-in məlumatına görə, Bakı Neapol Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov müəllifi olduğu yazıda Azərbaycan-İtaliya əlaqələrinin yaxın tarixi, ölkələr arasında mövcüd olan dostluq, ticarət və mədəniyyət əlaqələrinin bu gün yüksək səviyyədə olmasından söz açıb.
Məqalədə qeyd olunub ki, İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Məqalədə Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk tarixi səfərindən bəhs olunub.
Prezident İlham Əliyevin İtaliyaya səfərləri zamanı imzalanan sənədlərin iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq üçün güclü zəmin yaratdığı qeyd olunub.
Qeyd edək ki, "La nostra Gazetta" qəzeti İtaliyada yüksək tirajla nəşr edilən məşhur dərgilərdən biridir. Qəzet italyan və rus dillərində nəşr edilir.