...

Azərbaycanda “Uşaq hüquqları aylığı” keçiriləcək

Cəmiyyət Materials 5 Oktyabr 2015 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Ombudsmanın təşəbbüsü ilə Azərbaycanda "Uşaq hüquqları aylığı" keçiriləcək.

Azərbaycanın bu il ratifikasiya etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26 ili tamam olur. 20 noyabr tarixi bütün dünyada "Ümumdünya Uşaqlar günü" kimi qeyd olunur.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda "Uşaq hüquqları aylığı" keçirilir.

E.Süleymanova "Uşaq hüquqları aylığı" keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna müraciət edib.

Prezident İlahm Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.

Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatlar Ombudsmana təqdim ediləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.

Aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti