...

BMT rəsmisi: BMT-nin Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2015 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Azərbaycanda səfərdə olan BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamla görüşən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə makroiqtisadi sabitliyin və dinamik tərəqqinin təmin olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri barədə O.Adama ətraflı məlumat verib: "Dünyada kəskin böhran səbəbindən bir çox ölkələrin iqtisadi geriləmələrə məruz qaldığı dövrdə Azərbaycan maktoiqtisadi inkişafını uğurla davam etdirir. Cari ilin 9 ayında ölkədə ÜDM 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,4 faiz, əhalinin pul gəlirləri isə 5,8 faiz artıb, inflyasiya 3,7 faiz olub".

Nazir 2004-cü ildən bəri 1,4 milyonadək, təkcə bu ilin 9 ayında 87 min iş yerinin açıldığı ölkəmizdə işsizliyin 5 faizədək, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını bildirib: "Gənclərin məşğulluğunun təminatında mühüm uğurlar əldə olunur və hazırda dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupu üzrə 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20% olduğu halda, Azərbaycanda bu göstərici 13,5%-dir. Dövlət məşğulluq orqanları tərəfindən də gənclərin iş yerləri ilə təminatı diqqətdə saxlanılır. Məsələn, bu ilin 9 ayında məşğulluq orqanlarının münasib işlə təmin etdiyi 22470 nəfərdən 9235 nəfəri (41%), peşə hazırlığına cəlb olunan 2776 nəfərdən 2094 nəfəri (75,4%), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilən 3089 nəfərdən 1389 nəfəri (45%) gənclər olub. Bu dövrdə 72857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib".

Əmək və sosial müdafiə sahəsində aparılan islahat barədə məlumat verən S.Müslümov hazırda 70 illiyi dünyada geniş qeyd edilən BMT-nin müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib: "Belə təşkilatlardan biri olan BMT İnkişaf Proqramı ilə birgə müvafiq layihə çərçivəsində son illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaradılan SYSLAB Təlim Tədris Mərkəzlərində işsiz və iş axtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə, onların əmək bazarına inteqrasiyasına yönələn təlimlər aparılıb. BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark da ötən ilin oktyabrında ölkəmizdə səfəri zamanı Sumqayıtdakı SYSLAB Təlim Tədris Mərkəzində olub, burada aparılan işlərdən məmnunluğunu ifadə edib. Layihənin icra müddətində həmin Mərkəzlərdəki təlimlərdə 452 nəfər işsiz və işaxtaran şəxs iştirak edib və təlimlərin müsbət nəticəsi kimi onlardan 80 faizi (360 nəfərə yaxını) müxtəlif dövlət və özəl təşkilatlarda özlərinə münasib iş yeri əldə ediblər". Nazir bu və digər müvafiq iş sahələrində, habelə inkluziv əmək bazarının inkişafı sahəsində əməkdaşlığın davam etməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.

O.Adam BMT İnkişaf Proqramının ötən müddətdə Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını vurğulayıb. Həmçinin ƏƏSMN ilə birgə aparılan işlərin vacib məqsədlərə yönəldiyini qeyd edən O.Adam müsbət nəticələr verən bu işlərin davam etdirilməsinə tərəfdar olduğunu bildirib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti