Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Milli Məclisə keçiriləcək 5-ci çağırış seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
Fonddan Trend-ə verilən məlumata görə, belə tədbirlərdən biri Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığ ilə oktyabrın 22-də rayonun Heydər Əliyev Mərkəzində keçirilib.
Parlament seçkisində ilk dəfə səs verəcək abşeronlu gənclərin iştirakı ilə keçirilən görüşdə Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və İcra Hakimiyyətinin rəsmi saytının baş redaktoru Şamo Əliyev iştirak ediblər.
Ə.Əmirəliyev noyabrın 1-də keçiriləcək parlament seçkisinin bütün azərbaycanlıların, o cümlədən abşeronluların həyatında böyük hadisə olduğunu bildirib. Gənclər və İdman İdarəsinin rəisi səsvermənin texniki tərəflərindən danışaraq, dinləyicilərə prosesi detalları ilə izah edib.
Ş.Əliyev də gəncləri seçkilərdə aktiv olmağa çağıraraq, qeyd edib ki, onların cəmiyyətdə yaşanan proseslərə fəal münasibəti Azərbaycanın inkişafına təkandır.
C.Musaoğlu qeyd edib ki, seçmək hüququ əldə etmiş gənclərin ölkənin qanunverici orqanına seçkilərdə iştirakı onların ilk növbədə vətəndaşlıq borcudur. Onun sözlərinə görə, gənclər seçimləri ilə öz gələcəklərinə təminat yaratmış olurlar.
C.Musaoğlu görüş zamanı onu da bildirib ki, gənclər seçkidə iştirak etməklə yanaşı, həm də şəffaf şəkildə həyata keçirilən prosesi təbliğ etməlidirlər.
Bilik Fondunun mətbuat katibi görüşün sonunda gəncləri təmsil etdiyi qurumla sıx əməkdaşlığa dəvət edib. Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri bu ideyaların həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.