Bakı. Trend:
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi "20 Yanvar - Şərəf tariximizdir!" mövzusunda debat keçirib. Debatda birliyin üzvləri ilə yanaşı, Haaqa və digər şəhərlərdə yaşayan soydaşlarımız da iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan "Ana Vətən" Niderland Azərbaycan Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyevaya bu faciənin tarixindən danışıb. 20 Yanvar faciəsinin digər ölkələrdə tanıdılması və təqdim edilməsinin vacib məsələ olduğunu bildirən M.Ağamirzəyeva diasporumuzun üzərinə böyük işlər düşdüyünü qeyd edib.
Debatın aparıcısı müstəqil jurnalist Vüqar Abbasov 20 Yanvar faciəsinin xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb: "20 Yanvar bizim matəm günümüz deyil. Biz şəhidlərimizin ruhunu ehtiramla anıb, gələcək barədə düşünməli, gənclərimizə əsl tarixi faktları öyrətməli, hadisələrə fərqli yanaşmalıyıq".
3 saat davam edən debatda çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində xüsusi yerə malik olduğunu vurğulayıblar.