Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 17,9 min nəfər və ya 0,2 faiz artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9 milyon 723 min 500 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə olan sıxlığı 112 nəfər olub.
Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 27,6 min doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,5 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub.
2016-cı ilin yanvar-fevral aylarında ölkədə 9,9 min ölüm halı qeydə alınmışdır və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 olub.
Cari ilin ilk iki ayı ərzində qeydiyyat şöbələri tərəfindən 9,0 min nikah və 2,1 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olub.
Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 445 nəfər gələn və 238 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 207 nəfər təşkil edib.