...

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir (FOTO)

Cəmiyyət Materials 4 May 2016 20:08
Tədbir Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin nümunəvi çıxışları və gənclərin “Azərbaycan, Azərbaycan” sədaları ilə yekunlaşdı.
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Gəncədə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin açılış mərasimi baş tutub. Mərasimdə Avropa Gənclər Forumu, Avropa Gənclər Paytaxtları Şəbəkəsi, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, Gənclərin Anlaşma və Mübadilə Təşkilatı, Nüfuzlu xarici milli şuralar, Xarici ölkələrin səfirləri də iştirak ediblər. Gün ərzində şəhərdə bir neçə tədbir keçirilib. Rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir günün ikinci yarısında Cavad Xan küçəsində davam etdirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Gəncə Avropa Gənclər Paytaxtı 2016"-nın rəsmi açılış mərasimi Heydər Əliyev park-kompleksində ulu öndərin abidəsini ziyarətlə başladı. Heydər Əliyev Mərkəzində baş tutan toplantıda isə Prezident İlham Əliyevin "Gəncə Avropa Gənclər Paytaxtı 2016" münasibəti ilə gənclərə təbrik məktubu oxundu. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə çap etdirdiyi poçt markası nümayiş etdirildi. Ölkə gənclərinin qazandığı böyük nailiyyətlərdə Gəncə gənclərinin də böyük əməyi var və Gənclər paytaxtı seçilməsi Nizami yurduna köhnə qitə ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verəcək.

Bu gün Gəncədə "Gənclər evi" də istifadəyə verildi. Heydər Əliyev parkında 975 kv.m ərazidə inşa olunan "Gənclər evi" zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada idman zalları, müxtəlif dərnəklərin fəaliyyət göstərməsi üçün otaqlar, rəsm və video studiyası, konfrans zalı yerləşir. Ümumilikdə binada müxtəlif təyinatlı 50 otaq var. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. "Gənclər evi"nin açılışında iştirak edən avropalı qonaqlar da Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə gənclər üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016"-nın rəsmi açılışı çərçivəsində tədbirlər günün ikinci yarısında da davam etdirildi. Qonaqlar misgərlik, dulusçuluq, oymaçlıq kimi qədim sənət növləri ilə tanış oldu, rəsm əsərləri və əl işlərinə tamaşa etdilər. Gəzinti zamanı qonaqların iştirakı ilə üzərində Gəncə-Qazax bölgəsinin ornamentləri və "Gəncə AGP 2016" loqosunun əks olunduğu iki xalça kəsildi. Bayram ab-havasına bürünən küçədə qədim xalq çalğı alətləri ifaçıları öz məharətlərini göstərdilər.

Cavad xan küçəsindəki gəzintisi yekunlaşan qonaqların növbəti dayanacağı Məhsəti Mərkəzinin önü oldu. Burada onları Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi qarşıladı.
Kollektiv çox gözləməli olmadı... Qonaqlar burada milli rəqslərə tamaşa etdi, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarını dinlədilər. Avropalı qonaqlar Gəncə qonaqpərvərliyi və Azərbaycan mədəniyyətinə heyran qaldılar.

Gənclərin Anlaşma və Mübadilə Təşkilatının nümayəndəsi Maria Petrova deyib: "Gəncə çox möhtəşəm şəhərdir. Bu 3 gün ərzində burada olmaqdan çox şadam. Sizin qonaqpərvərliyinizə heyranam. Yeməklərinizi çox bəyəndim. Çayınız da çox dadlıdır".

Tədbirin davamı olaraq "Gəncə Avropa Gənlər Paytaxtı 2016" İctimai Birliyinin ofisi də istifadəyə verildi. Səmaya sülh rəmzi olan göyərçinlər və 2016 hava şarı buraxıldı.

3 mərtəbəli binada 23 nəfər fəaliyyət göstərir. 1000-ə yaxın könüllü Gəncə AGP 2016 İctimai Birliyində cəmləşib. Otaqlar müasir avadanlıqlar və internetlə təmin olunub.

Açılış mərasimindən sonra qonaqlar "Gəncə çay" park-bulvar kompleksi ilə gəzintiyə davam etdilər. Burada ADAU, ATU və GDU-nun kollektivləri qədim Azərbaycan şirniyyatlarını nümayiş etdirdilər. Daha sonra qonaqlar Gəncənin Hərbi Orkestrının müşayəti ilə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" parkına yollandılar. Burada könüllülərin iştirakı ilə flaşmob nümayiş olundu.

Tədbir Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin nümunəvi çıxışları və gənclərin "Azərbaycan, Azərbaycan" sədaları ilə yekunlaşdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti