...

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Cəmiyyət Materials 12 İyun 2016 20:05 (UTC +04:00)
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Bakı. Trend:

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur.

Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə işə qəbul edilmiş 656 gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 58 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə onlardan 35 nəfəri prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilmişlər.

İyunun 12-də Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq elan edilmiş sayca 17-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir.

Baş Prokurorluğun Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanın aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri təmin etmişdir.

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar saat 14:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Bakı İdman Sarayında keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılmış və imtahanda iştirak edən 432 namizəddən 207-si müsabiqənin ikinci mərhələsi - yazılı imtahanda iştirak etmək hüququ qazanmışdır.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilmişdir.
İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti