Bakı. Trend:
İltihablı sol ayağı da kəsilən Tərlan Əliyevanın vəziyyəti orta-ağırdır.
Trend-in məlumatına görə, əməliyyatı həyata keçirən mərkəzin direktoru Azər Şəmsəddinski Region TV-yə açıqlamasında vəziyyətə şəxsən nəzarət etdiyini bildirib.
Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə iltihablı sol ayağı da kəsilən 87 yaşlı xəstənin əməliyyatı 1 saatdan çox çəkib, heç bir qan itkisi olmayıb. Xəstənin ayağı budun orta hissəsindən amputasiya edilib.
A.Şəmsəddinski deyib: "Xəstənin vəziyyəti orta-ağırdır, hazırda reanimasiyadadır. Həkim nəzarətindədir, dərmana ehtiyac yoxdur. Xəstə yavaş-yavaş ağır vəziyyətdən çıxır. Bir neçə gün ərzində məlumat veriləcək".
Mərkəzin direktoru xəstənin vəziyyəti ilə bağlı dəqiq nəsə deməyin tez olduğunu da vurğulayıb.
İyunun 24-də sol ayağının kəsilməsi ilə bağlı diaqnoz qoyulan xəstənin sağ ayağını kəsən Valeh Kərimova gəlincə, Yasamal rayon prokurorluğunun məlumatına görə, ekspertiza davam etdirilir.