Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etmək üçün "Yay məktəbi" təşkil edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, bu gündən başlanan təlimlər respublikanın ümumtəhsil məktəblərində çalışan ibtidai sinif müəllimləri üçün təşkil edilir.
İştirakçılar "Sinifdə şagird tədqiqatının təşkili metodikası", "Məntiq", "Rəsmi və peşəkar geyim üslubu", "Qiymətləndirmə vasitələrinin hazırlanması", "Komanda quruculuğu", "Sinifdə ilk 5 dəqiqə" adlı təlimlərdə iştirak edəcəklər. Beş gün davam edəcək təlimlərə iyulun 22-də yekun vurulacaq.
Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun bazasında yaradılıb.
İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdir.