Bakı. Trend:
Bu gün Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşəbbüsü ilə gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, eləcə də dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş toplantı keçirilib.
DQİDK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda təşkil olunan tədbirdə dövlət qurumları, gənclər təşkilatlarının nümayəndələri, tələbələr və fəal gənclər iştirak ediblər.
Komitənin sifarişi ilə hazırlanan “Fitnə” filmi nümayiş etdirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. Amma bu multikultural mühitin qorunub saxlanılması üçün daim iş aparmaq lazımdır. Xüsusilə gənclər ayıq-sayıq olmalı, kənar təhdidlərlə uymamalıdırlar.
DQİDK-nin sədr müavini Səyavuş Heydərov dini maarifləndirmə prosesinin, o cümlədən bu cür tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb. Bildirilib ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.
Toplantıda dini icma sədrləri, gənclər təşkilatlarının üzvləri, tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.