...

Bakıda sərnişin və sürücüləri gözləyən sürprizlər (ÖZƏL)

Cəmiyyət Materials 5 Sentyabr 2016 11:59 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Bakının Vahid Nəqliyyat Konsepsiyası bu ayının sonuna qədər təqdim edilə bilər.
Bakıda sərnişin və sürücüləri gözləyən sürprizlər (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Bakının Vahid Nəqliyyat Konsepsiyası bu ayının sonuna qədər təqdim edilə bilər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, Konsepsiya artıq hazırdır: “Konsepsiyanın təsdiqi məsələsi qalıb, o da yəqin ki, yaxın vaxtlarda həllini tapacaq. Sentyabr ayının sonuna qədər konsepsiyanın ictimaiyyətə və aidiyyəti qurumlara təqdim edilməsi gözlənilir”.

Bundan əvvəl N.Allahyarova Trend-ə bildirmişdi ki, konsepsiyada yol hərəkəti, sərnişindaşıma ilə bağlı qanunvericilikdən irəli gələn bütün məsələlər, eyni zamanda qanunvericilikdə ehtiva edilməyən, ancaq müasir tələblərdən doğan məsələlər öz əksini tapıb.

O qeyd edib ki, Konsepsiyada sürücü və sərnişin davranışı, eyni zamanda sürücü-sərnişin münasibətləri ilə bağlı məsələlər öz əksini tapıb.

N.Allahyarovanın sözlərinə görə, eyni zamanda konsepsiyada müəyyən olunub ki, indiyə qədər Bakının nəqliyyatla bağlı ən böyük problemi sərnişin axınının müəyyən olunmamasıdır: “Sərnişin axını çox qeyri-pərakəndədir. Tutaq ki, Bakıətrafı qəsəbələrdən gələn marşrut xətlərinə verilən avtobusların sayı orada olan sərnişin sayı ilə tərs mütənasibdir. Amma şəhər mərkəzində pik saatları çıxmaqla marşrut xətlərində bəzi avtobuslar var ki, onlar boş gedib gəlir. Bakı inzibati ərazisi boyunca həm marşrut xətlərində, həm də taksilərdə sərnişin axını müəyyən edilib və optimal variantlar təklif olunacaq”.

N.Allahyarova həmçinin bildirib ki, Bakıda yollarda sıxlığın qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi pik saatlarda vətəndaşların işdən çıxma vaxtlarının bir qədər fərqli edilməsi ilə bağlı müfaviq qurumlara təkliflər göndərib: “İş vaxtları həm saat 08:00-dan 17:00-a qədər, həm də saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin. Bu iki variantın hər ikisinin tətbiq olunması saat 18:00-da hamının eyni vaxtda işdən çıxması probleminin və tixacın qarşısının alınmasına yardımçı olar. Nəqliyyat sistemi ilə bağlı bütün bu və digər məsələlər konsepsiyada öz əksini tapıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti