...

Krasnoyarskda Nar bayramı keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2016 12:47 (UTC +04:00)
Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçirib.
Krasnoyarskda Nar bayramı keçirilib (FOTO)

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçirib. Tədbir Krasnoyarsk diyarı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk regional bölməsi və Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə dəstərxan, milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib. Bayram şənliyində “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı, müğənnilər, həmçinin şən və hazırcavablar komandasının üzvləri çıxış edib, kiçik müsabiqələr təşkil olunub. Tədbirdə Krasnoyarsk diyarı Qubernatorunun İctimai Əlaqələr İdarəsinin, Dostluq Evinin nümayəndələri, ÜAK-ın yerli təmsilçiləri, digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar, yerli sakinlər iştirak edib.

Azərbaycan diaspor fəalı Səadət Qarayeva KİV nümayəndələrinə narın vətəni Azərbaycanla bağlı, xalqımızın zəngin milli-mədəni irsi, onun musiqisi, milli mətbəxi, adət-ənənələri barədə məlumat verib. O, bildirib ki, bu bayram şənliyi, yerli sakinlərin tədbirdə iştirakı Azərbaycan və Rusiya, eləcə də xalqlarımız arasındakı çoxəsrlik qonşuluq və dostluq münasibətlərini növbəti dəfə ahəngli şəkildə əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti