Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə 70 nəfər ehtiyac duyduqları yardımlarla təmin olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 50 nəfərini DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 20 nəfərini isə qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan insanlar təşkil edib.
Ümumilikdə 70 nəfər mərkəzin xidmətləri ilə əhatə olunub və onlardan bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. 30 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 13 nəfərə tibbi yardım göstərilməsi təmin edilib. 31 nəfərin məşğulluğuna, 15 nəfərin peşə hazırlığına cəlb olunmasına müvafiq köməklik edilib. Qeyd olunan insanların əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, eləcə də insan alverinin qurbanına çevrilmək təhlükəsi aradan qaldırılıb. İnsan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşmiş şəxslərin bir hissəsi ilə işlər isə davam etdirilir.
İnsan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması tədbirləri də həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, mərkəz ölkəmizin bölgələrində yerləşən peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər həyata keçirib. Tədbirlərin iştirakçılarına insan alveri və insan alverinə qarşı mübarizə, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib. Onlara buklet və kitabçalar, aidiyyəti mövzuda sosial çarxı əks etdirən disklər təqdim olunub. Həmçinin sərhəd-nəzarət buraxılış məntəqələrinə insan alveri ilə mübarizə mövzusunda məlumat xarakterli kitabçalar, bukletlər paylanıb, həmin məntəqələrdə bu mövzuda posterlər quraşdırılıb.