...

Azərbaycanlı həkim beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 5 Aprel 2017 17:19 (UTC +04:00)
Azərbaycanlı həkim beynəlxalq mükafata layiq görülüb.
Azərbaycanlı həkim beynəlxalq mükafata layiq görülüb

Bakı. Trend:

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev Koreyanın paytaxtı Seul şəhərində Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak edib.

Konfrans barədə fikirlərini bölüşən Kamran Musayev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin beynəlxalq əlaqələrə xüsusi diqqət ayırdığını deyib.

Onun sözlərinə görə, belə konfranslar kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır:

"Asiyanın ən tanınmış kardioloq və kardiocərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizim üçün həm təcrübə mübadiləsi aparmağa imkan verdi, həm də Asiyanın aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Bu ilin may ayında Bakıda keçiriləcək və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresi barədə asiyalı həmkarlarımıza məlumat verdik, gələcəkdə Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq layihələr həyata keçirmək, ürək xəstəlikləri, onlardan qorunmanın yolları və müalicəsində tətbiq edilən yeniliklərlə bağlı təcrübə mübadiləsi aparmaq barədə razılıq əldə etdik".

Konfransda "Aortal qapağın təmiri - Bakı təcrübəsi" ("Isolated aortic valve repair - Baku experience") mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən həkim K.Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, əldə edilmiş nəticələr barədə asiyalı həmkarlarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Azərbaycanlı həkimin bu çıxışı təşkilat komitəsinin xüsusi mükafatına layiq görülüb. Yüzlərlə təqdimat arasından həmyerlimizin mükafata layiq görülməsi, eyni zamanda ölkəmizdəki ürək-damar cərrahiyyəsinin yüksək səviyyəli inkişafının bariz göstəricisi kimi qəbul olunmalıdır.

K.Musayev bildirib: "Bu mükafatı ölkəmizin ürək-damar cərrahiyyəsinə verilmiş bir beynəlxalq mükafat olaraq qəbul etdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti