Bakı. Elçin Mehdiyev – Trend:
"Bakı çox gözəl, təhlükəsiz və təmiz şəhərdir. Açığını desəm Bakıda bu cür mənzərə ilə qarşılaşacağımı gözləmirdim". Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləməyə gəlmiş finlandiyalı turist Dima Ruakolay deyib.
D.Ruakolay bildirib ki, Bakıya məhz Formula 1 yarışmasını izləməyə gəlib: “Ancaq çox yaxşı oldu ki, həm də Bakını gəzmək, Azərbaycanın ləziz milli mətbəxinin dadına baxmaq imkanımız da oldu. Ancaq təəssüf ki, vaxtımız azdır, çox gəzə bilmirik. Düşünürəm ki, gələcəkdə Azərbaycana turist kimi gəlib digər bölgələrini görüm”
Finlandiyalı qonaq Formula 1 yarışmasının yüksək səviyyədə təşkil edildiyini bildirib: “Bakıda Formula 1 yarışmasının keçirilməsi şəhərə tam uyğundur. Azərbaycan bu yarışmanı yüksək səviyyədə təşkil edib”.
Qonaq əlavə edib ki, Formula 1 Azərbaycanın dünyada təbliği və tanınması üçün çox gözəl bir imkandır.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.