Bakı. Trend:
Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlər davam edir.
Fonddan Trend-ə verilən məlumata görə, aprelin 18-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Bakı Dövlət Universiteti 100 ilin astanasında: tarixi ənənənlər və müasirlik” mövzusunda mühazirə söyləyib.
Mühazirəçi BDU-nun tarixindən və bu günündən söz açaraq, bu ali təhsil ocağının Azərbaycanda elmi və intellektual cəmiyyətin formalaşması işində müstəsna xidmətlərindən danışıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Zeynalov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin müdiri Ofeliya Qəhrəmanova, Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialının müəllimi Tofiq İsgəndərov və Bakı Dövlət Universitetini müxtəlif vaxtlarda bitirmiş məzunlar iştirak ediblər.
Fondun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Növbəti gün Masallı rayon Heydər Əliyev Mərkəzində “Cümhuriyyət dövrü və mətbuat” mövzusunda mühazirə təşkil olunub. S.Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın milli məfkurənin formalaşmasında aparıcı rol oynadığını vurğulayıb.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Bilik Fondunun Masallı rayonu üzrə nümayəndəsi, “Dəfinə” məktəb liseyin direktoru Taleh Əkbərov, Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov, təhsil meneceri Şəhriyar Məmmədov, yerli sakinlər iştirak ediblər.
Növbəti gün Masallı Peşə Məktəbində Sevinc Əliyevanın “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirəsi keçirilib.
Aprelin 20-də Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbir keçirilib.
Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açaraq, Ümummilli liderin çoxşaxəli fəaliyyətindən söz açıb.
Fondun mətbuat katibi Ceyhun Musayev ulu öndərin 95 illiyi münasibətilə təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən tədbirlərdən söz açıb.
Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda mühazirə ilə çıxış edib. A.Məmmədli ümummilli liderin Azərbaycan mətbuatına münasibəti, medianın inkişafındakı xidmətləri, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb.
Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.
Mühazirəçi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Aprelin 20-də Bilik Fondunun “Cümhuriyyətimiz-qürurumuzdur” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu 6 nömrəli tam orta məktəbdə Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı” mövzusunda mühazirəsi keçirilib. Mühazirədə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Cümhuriyyət dövrünün ədəbi prosesə istiqamət verən görkəmli ədibləri barədə iştirakçılara məlumat verən Y.İsmayılova o dövrdə əsas mövzunun vətənpərvərlik, doğma yurdun istiqlalının tərənnümü ilə bağlı olduğunu deyib. Professor konkret ədəbi nümunələrlə cümhuriyyət dövrünün ədəbi mənzərəsini məktəblilərə əhatəli şəkildə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Cümhuriyyət tarixinə həsr olunan maarifləndirici tədbirləri davam etməkdədir.