...

Əmək müqaviləsi ilə bağlı seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2018 16:01 (UTC +04:00)
Bərdə rayonunda seminar təşkil edilib.
Əmək müqaviləsi ilə bağlı seminar keçirilib (FOTO)

Bakı. Trend:

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan və əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə olmaqla, işçinin əmək və sosial hüquqlarının təminatında əsas hüquqi sənəd rolunu oynayır. Həmin müqavilə olmadan mövcud olan əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır və işçinin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.

Trend-in məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda Bərdə rayonunda təşkil etdiyi seminarda vurğulanıb. Rayondakı ayrı-ayrı iri işəgötürənlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev, Xidmətin 17 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Akif Baxşəliyev, Müfəttişliyin baş əmək müfəttişi Mahir Balakişiyev və başqaları çıxış edərək mövzu ilə bağlı ətraflı məlumatlar veriblər.

Qeyd olunub ki, əmək müqaviləsi sərbəst bağlanır və əmək münasibətləri yaratmayan, yaxud yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edə bilməz. Bağlanan hər hansı əmək müqaviləsi və ya bu müqavilədə edilmiş dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi ƏƏSMN-nin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Əks halda bu müqavilə hüquqi qüvvəyə minmir.

Seminarda əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə əmək qanunvericiliyindən irəli gələn tələblər iştirakçıların diqqətinə çatdırılıb. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə də ətraflı məlumat verilib. O da bildirilib ki, işçi əmək müqaviləsini ləğv etmək istəyərsə, bu barədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Həmin müddət keçənə qədərki dövrdə işçi ərizəsini geri götürə və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Lakin bu o halda mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) artıq yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsin.

Tədbirdə iştirakçılara müvafiq mövzu barədə maarifləndirici çap materialları da paylanıb, onların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı konkret məsələlərə dair sualları ilə bağlı izahatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti