Bakı. İlhamə İsabalayeva - Trend:
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 76 nömrəli tam orta məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər xəstəxanadan evə buraxılıb.
Məktəbdən Trend-ə verilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib:
"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".
Qeyd edək ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə 8 şagird qazdan zəhərlənib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.