Bakı. Samir Əli - Trend:
Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənilməsi üçün istifadə edilən "BakıKart"ın balansını onlayn qaydada da artırmaq mümkün olacaq.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli hesab edir ki, "BakıKart"ların balansının artırılması zamanı pik saatlarında ödəniş terminalları qarşısında yaranan sıxlıqda sərnişinlərin də rolu var:
"BakıKart"ı analiz etdiyimiz zaman bir sərnişinin bir gündə 37 dəfə eyni karta 20 qəpik yükləməsi faktı aşkarlanıb. Xarici ölkələrdə, ən yaxın İstanbulu götürək, burada ödəniş terminalları çox deyil. Vətəndaş əvvəlcədən gedəcəyi yeri bilir və vaxtına qənaət edərək rahat şəkildə bir dəfə kartına balans yükləyir. Balans artırmaq dayanacaqlardakı “BakıKart” və digər ərazilərdəki “MilliÖn” aparatlarında mümkündür, amma hər dayanacaqda yükləmə aparatı olmalıdır deyə, bir təcrübə yoxdur. Bu aparatlar insanların daha çox olduğu dayanacaqlarda quraşdırılmalıdır. Bu, bütün dünyada belədir".
Qurum rəhbəri qeyd edib ki, növbəti mərhələdə gediş üçün balansın onlayn qaydada yüklənməsi sisteminin tətbiqi nəzərdə tutulur: "Bu, bütün avtobuslarda ödəniş kart sisteminə keçdikdən sonra mümkün olacaq".