Bakı. Samir Əli - Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
S.Məmmədovun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhədinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:
"Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-cü kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci texniki dərəcəyə malik 4 hərəkət zolaqlı olacaq. Yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Bakı-Ələt-İran sərhədi avtomobil yolu 270 kilometrlik məsafəni 40 kilometr qısaldıb".
Qurum rəhbəri bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifi müəyyən etmək səlahiyyətində deyil: "Bu qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiyməti müəyyən edəcək".