...

Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq

Cəmiyyət Materials 11 Mart 2019 10:36 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə onlayn sınaq imtahanları keçirəcək.
Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə onlayn sınaq imtahanları keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər hazırda qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınağa yazılıb günün istənilən vaxtında imtahanı verə bilərlər.

Qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə isə yeni test tapşırıqlarının istifadə olunacağı sınaq imtahanlarına qeydiyyat aparılır. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.İmtahanda iştirak haqqı 3 manatdır.

Qəbul imtahanının birinci mərhələsində (buraxılış imtahanında) abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Abituriyentlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. Xatırladaq ki, sınaq imtahanında abituriyentlərin imtahan verəcəyi səhifədə audiofayl yerləşdiriləcək və onlar dinləyib-anlama bacarıqlarını da yoxlaya biləcəklər.

Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola bilərlər. Qeyd edək ki, yazılı şəkildə cavab vermək tələb olunan açıq tipli tapşırıqların (tədris dili fənni üzrə 10 tapşırıq, riyaziyyat fənni üzrə 7 tapşırıq, xarici dil fənni üzrə 7 tapşırıq) cavabları abituriyentlər tərəfindən müvafiq sahələrə daxil edilməlidir. İmtahanı başa çatdırdıqdan sonra qiymtələndirmə meyarları tapşırıqların altında veriləcək. Açıq tipli tapşırıqlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Meyarlarda tapşırığın mümkün doğru cavabları və abituriyentlərin verdiyi cavabların hansı balla qiymətləndirilə biləcəyi əksini tapır. İmtahan verənlər öz cavabları ilə meyarları müqayisə edib qiymətləndirmə aparacaqlar. Yalnız bundan sonra açıq tipli tapşırıqlardan toplanılan bal ümumi bala əlavə edilir. Bu imkan, eyni zamanda abituriyentlərin, eləcə də müəllimlərin meyarlar əsasında tapşırıqları qiymətləndirmə vərdişlərinin formalaşmasına kömək edəcək. Qiymətləndirilmə aparıldıqdan sonra abituriyentlər həm qapalı, həm də açıq tipli tapşırıqlar üzrə topladıqları yekun bal ilə tanış ola biləcəklər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti