Bakı. Trend:
Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “31 Mart soyqırımını unutmadıq, unutmarıq, unutdurmarıq!” mövzusunda dəyirmi masa keçirilib.
ADU-dan Trend-ə verilən məlumata görə, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev azərbaycanlılara qarşı törədilən soyqırımın baş vermə səbəbləri və nəticələrindən danışıb. O, həmçinin bu hadisələrin siyasi-tarixi məqamlarına da toxunub. Professor qocalar, qadınlar, uşaqlara verilən işgəncələrdən danışıb.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri dosent Elnur Kəlbizadə 31 mart hadisələrinin gedişatı haqqında məlumat verib. O, həmçinin bu hadisələrə qədər ermənilərin azərbaycanlılara qarşı münasibətindən və ərazi iddialarından danışıb.
Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov 31 Mart hadisələrinin beynəlxalq müstəvidə tanınması istiqamətində problemlər və perspektivlərdən söz açıb.
Fakültə Tələbə Elmi Cəmiyətinin sədri, 335 a qrup tələbəsi Sevinc Məsimova “31 Mart soyqırımına tarixi baxış”, 130-cu qrup tələbəsi Günay İbrahimova “31 Mart soyqırımı mətbuatda”, 226-cı qrup tələbəsi Nuranə Əhmədova “31 mart ədəbiyyatda” mövzularında çıxış ediblər.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.