Bakı. Elçin Mehdiyev – Trend:
Hesablama Palatası işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların ayrılan vəsaiti mənimsəməsinə imkan verilməsin. Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentinin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınması barədə düşünmək lazımdır: "Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil".
F.Ağamalı qeyd edib ki, Bakı şəhərində mənzil istismar sahələri, eləcə də yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə irad bildirilməyib: "Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır? Hesab edirəm ki, bütün bunlar qabaqcadan araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.