Bakı. Trend:
Son zamanlar çox müzakirə olunan məsələlərdən biri – yalnız həkimlərin diyetoloq, ya nutrisioloq olmaq və məsləhət vermək hüququna malik olmasıdır. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu gün tibb təhsili olmayan insan da Nutrisioloq-Diyetoloq ixtisasına yiyələnə bilər.
Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) Azərbaycanda yeganə təşkilatdır ki, ölkədən kənara çıxmadan diyetologiya üzrə tam və kompleks təhsili almaq imkanı yaradır. ANDOP-un təsisçisi və rəhbəri Sevinc Zamanın qeyd etdiyi kimi, bu gün nutrisiologiya sahəsində təhsil almaq istəyənlərin əksəriyyəti tibbi təhsili olmayan insanlardır.
Onun sözlərinə əsasən, təhsil müddəti bir neçə aydır. Bu müddət ərzində kurs iştirakçıları qida nutriyentləri, qida məhsullarının tərkibi və insan orqanizminə təsiri, rasional və balanslı qidalanma olan diyetologiya elminin əsas anlayışlarını mənimsəyirlər. Bütün iştirakçılar, mütləq şəkildə həzm sisteminin anatomiyası və fiziologiyası, biokimya üzrə biliklər əldə edirlər. Bundan sonra, iştirakçılar müxtəlif xəstəliklər zamanı qidalanmanın və düzgün menyu tərtibatının xüsusiyyətləri ilə tanış olurlar. Kursun aparıcıları bu sahədə təcrübi biliklərə malik olan kliniki-həkimlərdir.
Beləliklə, nutrisioloq-diyetoloq gündəlik rasionu balanslaşdırmaqda və orqanizmin xüsusiyyətlərini nəzərə alaraq qidalanma proqramı tərtib etməkdə insanlara kömək edir. O, məsləhətləriylə, zülal, yağlar, karbohidratlar, vitamin və minerallar kimi qida nutriyentlərinə tələbatın ödənməsini təmin edərək insanın çəki atmasına, yaxud çəki almasına yardımçı olur. Bu cür dəstək alimentar səbəbdən yarana biləcək əksər xəstəliklərin profilaktikasını təmin etməyə imkan verir.
Sevindirici haldır ki, günümüzdə, Azərbaycanda sağlam həyat trendi geniş yayılıb. Bura fiziki aktivlik və düzgün qidalanma daxildir. Təəssüflər olsun ki, biz çox vaxt qida qəbul edirik, amma nə qəbul etdiyimizi bilmirik,orqanizmin düzgün işləməsi üçün nələr tələb olunduğu barədə düşünmürük. Bax bu məqamda hansı zəruri elementlərin lazım olduğu barədə bizə məsləhət verə biləcək bir nutrisioloqa ehtiyac yaranır. Ən gözəl halda hər bir ailədə bu sahədə biliklərə malik nutrisioloq-diyetoloqun olmasıdır.