Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.
Agentlikdən Trend-ə verilən məlumata əsasən, budəfəki maarifləndirici mövzu isə “Torpaq zərərvericilərinə qarşı mübarizə tədbirləri” haqqında olacaq.
Hazırda respublikamızın rayonlarında müxtəlif tərəvəz və bostan bitkilərinin əkini aparılır. Ona görə də fermerlər bu bitkilərə, xüsusən ilk cücərtilərin əmələ gəlməsi zamanı onların yeni formalaşmış kökünü zədələyərək təsərrüfata ciddi ziyan vuran torpaq zərərvericilərinə qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetirməlidirlər.
Məsələn, adi danadişi kütləvi inkişaf etdiyi dövrlərdə kartof, pomidor, kələm, badımcan və s. tərəvəz və digər bitkilərə böyük ziyan vurur. Rütubətli sahələrdə daha çox rast gəlinən bu zərərverici bitkinin gövdəsi və köklərini gəmirərək zədələyir. Eyni zamanda danadişi kartof bitkisinin yumrularına da böyük zərər vurur.
Danadişiyə qarşı mübarizə aparmaq üçün il boyu ardıcıl olaraq tədbirlər həyata keçirilməlidir. Kartof və tərəvəz bitkiləri eyni sahədə 2 il və daha çox əkilərsə, bu zaman danadişi yayılmağa başlayacaq. Ona görə də zərərvericiyə qarşı profilaktik tədbir görmək məqsədilə sahədə aldadıcı yem səpini aparılmalıdır. Bunun üçün qarğıdalı dəni suda bişirilir. 1 kq bişirilmiş dənə 50 qr günəbaxan yağı əlavə edilir. Hazırlanmış kütləyə 15-20 ml karate qarışdırılır.
Bir gün saxlanılan dənin növbəti gün üzərinə günəbaxan yağı əlavə edərək qarışdırılır. Bundan sonra nəm torpaqda 2-3 sm dərinlikdə şırımlar açılaraq dən səpilir və üstü örtülür. Torpaq quru olarsa, bu zaman danadişi dərin qatlarda qalır və aldadıcı yemin səpilməsinin faydası az olur. 1 hektar torpaq sahəsinə təxminən 80-100 kq aldadıcı yem sərf olunur.
Bundan əlavə danadişiyə qarşı kimyəvi mübarizə vasitəsi kimi Canmetrin 25 EC, Sumosa EC, Aktara, Dursban-ultra və s. preparatlarından istifadə edilə bilər.
Bir məlumatı da diqqətinizə çatdıraq ki, zərərvericinin sayını azaltmaq üçün payızda sahələrin müxtəlif yerlərində 40 sm dərinliyində çalalar qazılır, peyinlə doldurularaq üstü örtülür. Qışda həmin çalalar açılaraq danadişilər məhv edilir.
Digər zərərverici- may böcəyinə gəlincə, onun yetkin fərdləri əsasən aprel-may aylarında torpaqdan çıxıb qidalanmağa başlayır. İyun ayında dişi fərdlər torpağın təxminən 12 sm dərinliyində yumurta qoyur və 30-40 gün sonra sürfələr çıxır. Bu sürfələr yetkin fərdə çevrilənə qədər 4 il torpaqda yaşayır və hər il aprel-iyul aylarında kartof, tərəvəz, qarğıdalı, çiyələk, bəzi meyvə ağaclarının, tinglərin, hətta qazon və s. bitkilərin kökü ilə qidalanaraq ziyan vururlar.
Torpaq zərərvericilərinə, o cümlədən may böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizənin səmərəliliyi bir o qədər də yüksək olmur. Ona görə də onlara qarşı mexaniki və aqrotexniki mübarizə aparmaqla daha yaxşı nəticə əldə etmək mümkündür. Belə ki, yaz və erkən yay aylarında sürfələr torpağın 10-20 sm dərinliyinə qalxdıqda, eləcə də yetkin fərdlərin yumurtaqoyma ərəfəsində torpaq şumlanaraq yumurtalar məhv edilməli, sürfələr isə əllə yığılıb zərərsizləşdirilməlidir. Bundan əlavə növbəli əkin sisteminə əməl olunmalı, həmçinin meyvə bağlarında cərgəarasına yonca və digər paxlalı bitkilər səpilməlidir. Çünki həmin bitkilərin köklərində olan bakteriyalar tərəfindən azot toplanılır və sürfələr isə azota həssas olduqlarına görə sahədən uzaqlaşırlar.
May böcəyinin sürfələrinə qarşı zərurət olduğu təqdirdə tiametoksam (aktara), diazinon (bazudin) tərkibli insektisidlərdən istifadə edilməsi tövsiyə olunur. Mübarizə zamanı kimyəvi preparatlardan istifadə mütləq mütəxəssislərin nəzarəti altında həyata keçirilməli, bu zaman təhlükəsizlik, o cümlədən şəxsi gigiyena qaydalarına riayət olunmalıdır.
Bütün bu mübarizə tədbirləri ilə yanaşı, hər iki zərərvericiyə qarşı ətraf mühit və insan sağlamlığı üçün daha təhlükəsiz olan Boverin bioinsektisidinin təlimata uyğun tətbiqi xüsusən həyətyanı sahələrdə səmərəli hesab olunur.