...

Mütəxəssis: COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanaların əməkdaşları həyat sığortası ilə təmin edilməlidir

Cəmiyyət Materials 5 Avqust 2020 09:33 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

COVİD-19 xəstələrinin müalicəsi ilə bilavasitə məşğul olan tibb mərkəzlərinin əməkdaşları dövlət hesabına həyat sığortası ilə təmin edilməlidir.

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.

Onun sözlərinə görə, COVİD-19-dan ölüm hallarının sayı ölkədə ümumi ölümlərin sayına təsir edə bilməyəcək dərəcədə azdır:

“Amma gəlin nəzərə alaq ki, bu xəstəlik əmək qabiliyyətinə malik olan, himayəsində azyaşlı uşaqları olan insanların dünyadan köçməsinə səbəb olduğuna görə xüsusilə acınacaqlı nəticələr verir. Bu baxımdan tibb işçilərimizin ən böyük risk qrupuna daxil olduğunu nəzərə almamaq mümkün deyil. Bu gün ölkəmizin fədakar tibb işçilərinin böyük bir qrupu bilavasitə virus adlanan gözəgörünməz düşmənlə mübarizənin ön cəbhəsində - COVİD-19-un müalicəsi üzrə ixtisaslaşdırılmış xəstəxanalarda çalışır. Qeyd edim ki, poliklinika, ambulatoriya və təcili tibbi yardım sahələrində çalışan tibb işçilərinin də yoluxma riski xeyli yüksəkdir. Çünki çox vaxt onların qarşılaşdıqları xəstədə hansı xəstəlik olduğu haqda əvvəlcədən məlumatları olmur”.

Dosentin sözlərinə görə, tibb işçiləri çox vaxt xəstəliyi daha ağır keçirirlər ki, bu da xəstə ilə çox yaxın təmas nəticəsində tibb işçisinin orqanizminə eyni vaxtda daha çox virusun daxil olması ilə əlaqədardır:

“Məlumdur ki, sözügedən xəstəliyin ağırlıq dərəcəsi ilə xəstənin məruz qaldığı ilkin virus yükünün miqdarı arasında bilavasitə asılılıq var. Məhz buna görə də COVİD-19 xəstəliyi nəticəsində adi insanlar arasında olduğuna nisbətən tibb işçiləri arasında ölüm hallarının nisbi sıxlığı dəfələrlə artıqdır”.

Mütəxəssis təklif edir ki, qeyd edilənləri nəzərə alaraq, iş şəraitində yoluxub həyatını itirən həkimlərin ailələrinə kompensasiya ödənilməli və onların azyaşlı övladlarının maddi təminatı ödənilməlidir. COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqqının artırılması haqqında qərar poliklinika və təcili tibbi yardım stansiyaları əməkdaşlarına da şamil edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti