Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 30.61%-i I, 28.21%-i II, 25.23%-i III, 8.45%-i IV, 7.50%-i isə V qrupun payına düşür.
Trend-in məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.
Ötən illə müqayisədə plan yerləri I qrupda 2.23% və II qrupda 2.91% azalmış, III, IV və V qruplarda isə uyğun olaraq 8.71, 10.55 və 3.76% artıb. I ixtisas qrupu üzrə ən çox plan yeri “İnformasiya texnologiyaları” (956 yer), “Riyaziyyat və informatika müəllimliyi” (720 yer) və “Kompüter mühəndisliyi” (712 yer) ixtisaslarına, II ixtisas qrupu üzrə “İqtisadiyyat” (1950 yer), “Biznesin idarə edilməsi” (1428 yer) və “Maliyyə” (1402 yer) ixtisaslarına, III ixtisas qrupu üzrə “Xarici dil müəllimliyi (ingilis dili)” (1295 yer), “İbtidai sinif müəllimliyi” (1195 yer) və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” (1137 yer) ixtisaslarına, IV ixtisas qrupu üzrə “Tibb” (610 yer), “Ekologiya” (575 yer) və “Biologiya müəllimliyi” (385 yer) ixtisaslarına, V ixtisas qrupu üzrə “Məşqçilik” (1223 yer), “Dizayn” (550 yer) və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” (482 yer) ixtisaslarına ayrılıb.