...

Turizm sahəsində lisenziyalar ləğv olunandan sonra bəzi hotellərdə ulduzlaşma aparılmayıb - Agentlik sədri

Cəmiyyət Materials 30 Sentyabr 2021 19:31 (UTC +04:00)
Turizm sahəsində lisenziyalar ləğv olunandan sonra bəzi hotellərdə ulduzlaşma aparılmayıb - Agentlik sədri

Bakı. Çingiz Səfərli - Trend:

2015-ci ildə turizm sahəsində lisenziyaların ləğv olunmasından sonra bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlərin üst-üstə düşməyib, bəzi hallarda isə ulduzlaşma ümumiyyətlə aparılmayıb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Hotelçiliyin turizmin sütun sahələrindən biri olduğunu vurğulayan Fuad Nağıyev bildirib ki, ulduzlaşma məqsədilə beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb.

Fuad Nağıyev iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən konsultativ dəstəyin göstəriləcəyini bildirib.

Daha sonra yoxlama prosesindən uğurla keçmiş 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti