...

Vaşinqtonda Kennedi Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2022 07:31 (UTC +04:00)
Vaşinqtonda Kennedi Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

25 fevral tarixində Vaşinqtonun məşhur Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Həqiqət və Ədalət” başlıqlı anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Səfirlik tərəfindən təşkil olunan və 150-ə yaxın qonağın qatıldığı tədbirdə Türkiyənin, Pakistanın və Qırğızıstanın ABŞ-dakı səfirləri, diplomatik korpusun nümayəndələri, ABŞ-ın beyin mərkəzlərinin əməkdaşları, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı icması iştirak edib.

Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra, Ermənistanın təcavüzü nəticəsində ailəsi ilə bərabər Ağdamdan köçkün düşmüş əslən Şuşalı olan Arzu Məmmədova Ermənistanın Azərbaycanda apardığı işğalçılıq siyasəti haqqında danışaraq, Xocalı faciəsi barəsində qonaqları məlumatlandırdı. Arzu Məmmədova, Xocalı soyqırımı nəticəsində valideynlərini itirmiş uşaqlardan aldığı müsahibələrdən təəssüratlarını bölüşüb.

Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğunu, tarix boyu ermənilərin həqiqəti boğmağa çalışdığı, onların ədalətə qarşı mübarizə apardığını vurğuladı. Xocalı soyqırımının yalanlarla gizlədilməyə çalışılmasına baxmayaraq, bu faciənin tarixin yaddaşına həkk olunduğunu qeyd etdi. ABŞ mətbuatında və beynəlxalq hesabatlarda dərc olunmuş məqalələr və yazıların əhəmiyyəti diqqətə çatdırılaraq, bu məlumatların səfirlik tərəfindən bir nəşrdə toplanıldığı barədə məlumat verildi. Xocalı soyqırımını törədənlərin öz cəzalarını tapacaqları və ədalətin bərpa olunacağı səfir tərəfindən vurğulandı.

Daha sonra, Türkiyənin ABŞ-dakı səfiri Murat Mərcan çıxış edərək, yüzlərlə azərbaycanlının həlak olduğu və minlərlərlə insanın zərər çəkdiyi Xocalı qətliamının bütün türk dünyasının faciəsi olduğunu bildirdi. Səfir eyni zamanda, ölkəmizin 44-günlük müharibə zamanı qələbəsindən bəhs edərək, Xocalı qurbanlarına qarşı cinayətin unudulmamasının əhəmiyyətini, bunun xatirlərdə yaşadılmasının vacib olduğunu diqqətə çatdırdı.

Anım tədbirində, Xocalı soyqırımı zamanı Azərbaycanda olan, faciənin nəticələrinə şahidlik etmiş, amerikalı səyyah və jurnalist, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltz-un səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış videomüraciəti təqdim olundu. O, Xocalıda gözləri ilə şahid olduğu dəhşətləri qonaqlarla paylaşaraq, həmin tarixdə baş vermiş tarixi hadisələrə şərhlərini diqqətə çatdırdı. O, Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirdi. T.Qoltz “Azərbaycan Gündəliyi” kitabının davamı olaraq, yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti