Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı Ə.Musayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Nizami
rayonunda qeydə alınıb.
Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq
ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Ə.Musayev
ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Bu zaman
aralarında baş verən mübahisə zamanı Ə.Musayev N.Ramazanova sağ
budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o,
xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.