...

Sosial islahatlar davam edir

Cəmiyyət Materials 4 Oktyabr 2022 14:26 (UTC +04:00)
Sosial islahatlar davam edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramı əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Nəzərdə tutulan sosial islahatlar proqramlarının həyata keçirilməsi üçün bir çox qanunlara dəyişikliklərin edilməsi və yani qanunların qəbul edilməsi tələb olunur.

Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmiş müvafiq tapşırıqların ( qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər, deputatlar və s.) əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə, habelə 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsinə dair təkliflər təqdim etmək) icrasını təmin etmək məqsədilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik layihəsi hazırlanmışdır. Layihə bu baxımdan iki əsas istiqaməti – maddi yardımların pensiyaların tərkibinə daxil edilməsini (1)qulluq əlavəsi alan şəxslərin pensiyasının növbəti ilin 1 yanvarından indeksasiya metodu vasitəsilə artırılması (2) imkanının yaradılmasını özündə əks etdirir.

Qeyd etmək lazımdır ki, Qanunun 29.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən indiyədək qulluq əlavəsi alan şəxslərin pensiyası, həmin şəxslərin əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və artırılırdı. Bildiyiniz kimi, ölkəmizə bu kateqoriyadan olan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında da bir neçə ilə heç bir artım olmur.

Lakin Qanunun 29.1-ci maddəsinə əsasən ümumi əsaslarla təyin edilmiş (yəni sığorta) pensiyalar isə hər ilin əvvəlində nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılırdı və beləliklə həmin pensiyaların real dəyəri qorunmuş olur. Göründüyü kimi, pensiyaların real dəyərinin qorunması ilə bağlı Qanunun hazırda tətbiq edilən müddəaları pensiyaçılar arasında ayrı-seçkiliyə səbəb olmaqla yanaşı, pensiyaları bütövlükdə dəyər itkisindən qorumağa imkan vermirdi.

Digər tərəfdən, Layihənin hazırlanması zamanı pensiyaçıların sosial rifahı önə çəkilmiş, əvvəlcə maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi nəzərdə tutulmuş, vahid indeksasiya metodunun isə bundan sonra tətbiq edilməsi qərara alınmışdır. Bu isə o deməkdir ki, maddi yardımlar da ilin əvvəlində indeksasiya edilərək artırılacaq və beləliklə Ölkə Başçısının təşəbbüsü ilə ödənilməsinə başlanılmış maddi yardımların pensiyaçılara 2 qat müsbət təsirinə (kumulyativ effekt) nail olunması hədəflənmişdir.

Qulluq əlavəsi alan şəxslərin pensiyasının əməkhaqqı artımları əsasında yenidən hesablanaraq artırılması praktikası (hazırkı təcrübə) bu kateqoriyadan olan şəxslərin işlədiyi qurumun təqdim etdiyi məlumatları əsasında mümkün olduğu üçün, həm pensiya təyin edən qurumun (DSMF) həm də həmin qurumların özünün işini kəskin şəkildə artırır. Digər tərəfdən, yenidən hesablanma insan tərəfindən əl ilə aparıldığı üçün texniki səhvlər baş verə bilir. Bu isə həmin şəxslərin şikayətlərinə və haqlı narazılıqlarına səbəb olur.

Bundan əlavə, Layihə Qanunun digər maddələri ilə pensiyaların artırılması mexanizmi arasında uyğunluğun təmin edilməsi baxımından da təqdirəlayiqdir. Belə ki, Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - ... sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, pensiya təyinatı zamanı sığortaolunanın itirdiyi əməkhaqqısı bir dəfə nəzər alınır və bundan sonra isə beynəlxalq təcrübədə də olduğu kimi, pensiyalar hər il dəyər itkisindən (inflyasiyadan) qorunmalıdır. Bu baxımdan, hər dəfə əməkhaqqı artımı zamanı qulluq əlavəsi alanların pensiyasının yenidən hesablanaraq artırılması adıçəkilən maddə ilə uyğunluq təşkil etmir.

Beləliklə, Layihə ilə təklif edilən vahid indeksasiya metoduna keçid ölkəmizdə aşağıdakınəticələrin əldə edilməsinə imkan verəcəkdir:

- qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaqdır*;

- bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaqdır;

- pensiyaların indeksləşdirilərək artırılmasının tamamilə elektronlaşdırılması mümkün olacaqdır;

- Qanunun 20-ci maddəsində adı keçən və hazırda işləyən şəxslərin əməkhaqqısı dövlət büdcəsinin imkanları çərçivəsində daha çox yüksəldilə biləcəkdir;

- pensiyaçılar və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaqdır.

Pensiya artımlarında vahid indeksasiya metoduna keçilməsi dünyada qəbul edilmiş mexanizmdir.

Son 10 ildə indeksasiyaya görə pensiyalar - 98% (kumulyativ) artmışdır. Əməkhaqqındakı sonrakı artımlar əsasında ən böyük kontingentə malik olan hərbi rütbəli şəxslərdə bu artım – 59% (kumulyativ), dövlət qulluqçularında isə - 69% (kumulyativ) olmuşdur.

Layihə bütövlükdə hal-hazırda pensiya alan bütün şəxsləri əhatə edəcəkdir. Çünki maddi yardım 2022-ci ildə həm ümumi əsaslarla, həm də xüsusi şərtlərlə təyin edilmiş şəxslərə ödənilmişdir. Bu baxımdan həmin maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi bütün kateqoriyadan olan pensiyaçılarımızın sosial rifahını yaxşılaşdıracaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti