Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən Pərvin Rzayev, gələn Məhəmməd Məmmədov və Süleyman Musazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Məhəmməd Məmmədov 10 il, Süleyman Musazadə 10 il, Pərvin Rzayev isə 8 il 6 ay azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin avqustunda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Belə ki, paytaxtın Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi 90-LB-478 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz S 600" markalı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.
M.Məmmədovun saxlanıldığını görən P.Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çarparaq hadisə yerindən qaçıb.
M.Məmmədovdan götürülən çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Yasamal rayonu ərazisində, P.Rzayev isə bir gün sonra səhər saatlarında Şirvan şəhərində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.