Bakı. Trend:
Bu gün dünyamızın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir.
Trend-in məlumatına görə, bunu bu gün Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı və səyi nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, bu, təkcə ətraf mühitə deyil, həm də bütövlükdə iqtisadiyyata və cəmiyyətə təsir göstərir.
"Biz onun təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün təxirsalınmaz tədbirlər görməliyik. Elmi araşdırmalar göstərir ki, biz artıq qlobal istiləşmənin təsirlərini daha tez-tez və intensiv şəkildə baş verən təbii fəlakətlər, dəniz səviyyəsinin dəyişməsi və anomal hava şəraiti ilə müşahidə edirik.
Bu çağırış qarşısında özümüz və planetimiz üçün daha dayanıqlı gələcək qurmaq üçün kifayət qədər imkanlarımız var.
Bu xüsusda iqlim dəyişikliyi ilə bağlı aktual problemlərin həllində maraqlı olan bu qədər şagirdi bir arada görmək sevindirici haldır. Siz bu məsələdə daha həssassınız və gələcək nəsillərin ekoloji problemlərlə mübarizəsində mühüm qüvvəni təşkil edirsiz.
Enerjinizi, yaradıcılığınızı və innovativ ideyalarınızı bu səylərə cəlb etməyiniz çox vacibdir. Öz həyat tərzinizdə davamlılıq prinsipinə uyğun hərəkət etmək və başqalarını buna təşviq etmək iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində ən vacib addımlardan biri olacaqdır. Düşünürəm ki, ekoloji fəallılıq tək bir aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir fəaliyyətə çevrilməlidir.
Bugünkü tədbir çərçivəsində ətraf mühitə yönəlmiş suallardan ibarət intellektual yarış keçiriləcəkdir. Şagirdlərin iqlim dəyişikliyi və ekoloji məsələlərlə bağlı müzakirələrə cəlb edilməsi, onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsində mühüm addımdır.
Simpozium çərçivəsində keçirilən digər maraqlı tədbir “Gələcək buradan başlayır” müsabiqəsi olacaqdır. Məktəblilərin iqlim dəyişikliyi ilə bağlı problemlərdə öz həll yollarını nümayiş etdirməsini, bu müsabiqədən innovativ və yaradıcı ideyaların yaranacağını bilmək çox sevindirici haldır", - deyə nazir əlavə edib.
.