Bakı. Trend:
Dərinin bəzi xəstəliklərinin əmələgəlmə səbəbi məlum olmadığı üçün onların müayinə və müalicəsinin stasionar şəraitdə aparılması tövsiyə olunur.
Bu barədə Trend-ə Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, dərinin irsi və xroniki xəstəliklərinin
müalicəsi həkim müayinəsindən sonra təyin olunur. Bir sıra dəri
xəstəlikləri vaxtında müalicə olunmazsa, çox ciddi fəsadlar verə
bilər.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin
3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Huriyyə
Qarayevanın sözlərinə görə, son zamanlarda uşaqlar arasında bəzi
dəri xəstəlikləri artıb:
“Bunlardan, əsasən psoriaz, vitiligo, allergik dermatitlər,
qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini
göstərmək olar. Yoluxucu xəstəliklər olan qoturluq, göbələk daha
çox yaz-yay aylarında müşahidə olunur. Göbələk xəstəlikləri, əsasən
it-pişik kimi heyvanlardan, bölgələrdə isə daha çox mal-qaradan
yoluxa bilər. Göbələk xəstələrində mütləq mikoloji müayinə
aparılmalıdır”, - deyə əlavə edib.
H.Qarayeva bildirir ki, bu xəstəliklərə hər hansı bir şübhə
yaranarsa dərhal həkimə müraciət edilməli, həkim-dermatoloqa
göstərilməlidir.
“Yay aylarında daha çox tərləyən, immuniteti aşağı olan uşaqlar
arasında ən çox rast gəlinən xəstəliklərdən biri də impetiqo
xəstəliyidir. Bu xəstəliyin törədicisi stafilo-steptokoklardır, ən
çox dərinin açıq nahiyələrində müşahidə olunur. Xəstəlik vaxtında
müalicə olunmazsa, ciddi fəsadlar verə bilər. Müalicəsində
antihistamin, vitaminlər, antibiotik və xaricə məlhəmlərdən
istifadə olunur”, - deyə o bildirib.
H.Qarayevanın sözlərinə görə, dərinin irsi, xroniki xəstəliklərinin
müalicəsi həkim müayinəsindən sonra təyin olunur:
“Dərinin bəzi xroniki xəstəliklərində günəş şüasından qorunmaq
lazımdır (vitiligo, allergik dəri xəstəliklərində və s.).
Vitiligo - Automin dəri patologiyasıdır, xəstəliyin əmələgəlmə
səbəbləri müxtəlifdir. Xəstəlik dəriyə rəng verən melonin olmaması
nəticəsində meydana gəlir, ləkələr ən çox dərinin açıq nahiyəsində
yaranır. Xəstəliyin artmasının səbəbləri sırasında stress, günəş
şüaları və travmanı göstərmək olar. Qarşısını almaq üçün stress,
günəş şüalarından uzaq durmaq, qidalanmada pəhriz rejiminə ciddi
əməl etmək lazımdır.
Dəri xəstəliklərindən allergik dermatitlər bəzi dərman
preparatlarından, qida maddələrindən sonra meydana gəlir. İlk
növbədə xəstəliyi törədən səbəbləri aradan qaldırmaq, daha sonra
müalicəsini aparmaq lazımdır.
Çəhrayı dəmrov xəstəliyi isə yaz-payız aylarında daha çox rast
gəlinir. Havanın dəyişməsi, infeksion-allergik mühitin yaranması
nəticəsində əmələ gəlir, dəri səthində müxtəlif ölçülü çəhrayı
ləkələr yaranır. Xəstələr daha çox qaşınmadan şikayət edirlər.
Düzgün müalicə aparıldıqda sağalan xəstəlikdir”, - deyə o
vurğulayıb.
Həkim mütəxəssisimiz uşaqların dərisində yaranan bütün xəstəliklər
zamanı mütləq şəkildə ərazi üzrə poliklinikalara müraciət etməyin
vacibliyini də vurğuladı:
“Ləkədir, yaranıb, keçər, gedər - deməyin. Həkimə müraciət edin!
Biz dispanser şəraitində istənilən dəri xəstəliklərinin müayinə və
müalicəsini həyata keçiririk. Uşaqlar bizim gələcəyimizdir. Sağlam
gələcək naminə onların sağlamlığına biganə yanaşmayaq”, - deyə o
əlavə edib.