...

Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib

Cəmiyyət Materials 1 İyun 2023 00:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib

Bakı. Trend:

Mayın 30-u Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Trend xəbər verir ki, qəbulda İspaniya hökumətinin yüksək vəzifəli rəsmiləri və Parlamentinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsinin nümayəndələri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, mötəbər media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Səfir Ramiz Həsənov, 105 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb. O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem, plüralist parlament və azad medinın təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb; Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə, cinsinə, dininə və sosial vəziyyətinə görə fərqləndirilmədən mülki və siyasi hüquqlarının təmin edilməsi, habelə Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi barədə fikirlərini bölüşüb.

Cənab Səfir həmçinin, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xəttin bu gün müasir və müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib.

İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov iki ölkə arasında çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Səfir yaxın gələcəkdə Azərbaycan və İspaniya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə ikitərəfli münasibətlərimizin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib.

Eləcə də vurğulanıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağın sürətlə və qabaqcıl texnologiyalar əsasında yenidən qurulması üçün bütün imkanlarını səfərbər edərək azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını özündə ehtiva edən “Böyük Qayıdış” proqramı həyata keçirir.

Daha sonra, tədbirin bədii hissəsində bir çox beynəlxalq müsabiqələrin laureatı olmuş azərbaycanlı əməkdar artist, gənc pianoçu, dirijor və bəstəkar Turan Manafzadə klassik və milli musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsert tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Qonaqlar, həmçinin Azərbaycan milli mətbəxinin ən ləziz təamlarından dadıb, Azərbaycanın mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar.

Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi, o cümlədən füsunkar Qarabağ və Şuşa haqqında videoçarxlar da nümayiş olunub.

Xüsusilə qeyd olunmalıdır ki, rəsmi qəbulun ardınca Səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan “Cibeles” fəvvarəsi ilk dəfə olaraq Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti