...

Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan təntənəli gecə keçirilib (FOTO)

Cəmiyyət Materials 15 İyun 2023 12:52 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan təntənəli gecə keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan təntənəli gecə keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Milli Qurtuluş Gününə - Ümummilli Liderin hakimiyyətə qayıdışının 30 illiyinə həsr olunan tədbirin əhəmiyyətindən danışıb. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə Bakıya qayıdaraq Milli Məclisin sədri seçildi və faktiki olaraq ölkəni parçalanmaqdan və dövlətçiliyin itirilməsindən xilas etdi, daha sonra isə ölkəni inkişaf və tərəqqi yoluna çıxardı.

"Bugünkü gecə bir neçə layihənin təqdimatı ilə yaddaqalandır. Bu, xüsusi layihə olan və Ümummilli Lider Heydər Əliyevin unikal portretini əks etdirən “Heydər Əliyev – 100” instalyasiyasıdır. İnstalyasiya böyük dövlət xadiminin 100 illiyi şərəfinə möhtəşəm rəssam və sənətkar Rəşad Ələkbərov tərəfindən 100 metal dirəkdən hazırlanıb. İkinci layihə Heydər Əliyev Mərkəzi tərəfindən reallaşdırılan və Ümummilli Lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən "Boyük insanın ömür anları" fotoalbomudur. Fotoalbomdakı bir çox material ilk dəfə nəşr olunur. Heydər Əliyev Fondu tərəfindən üzərində böyük işlərin görüldüyü üçüncü layihə isə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqındakı "İz" sənədli filmidir. Filmin ilk uğurlu təqdimatı “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilib", - deyən Anar Ələkbərov layihələrin reallaşdırılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Daha sonra qonaqlara Əməkdar rəssam Rəşad Ələkbərov tərəfindən XX əsrin ikinci yarısına aid optik incəsənət olan, müstəvi məkan fiqurlarının xüsusiyyətlərinə əsaslanan “op-art” bədii cərəyanı tərzində hazırlanmış instalyasiya təqdim olunub. 4 aydan çox müddətə hazırlanmış əsər Heydər Əliyevin portretini canlandırır. Bədii vasitə kimi Ulu Öndər Heydər Əliyevin 100 illiyini simvolizə edən 100 metal dirək və onların arasındakı işıq zolağından istifadə edən müəllif dahi şəxsiyyətin əbədiyyətini göstərir.

Görkəmli monumental heykəltəraş, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, dövlət ordenləri kavaleri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, xalq rəssamı Ömər Eldarov və Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov əsəri yüksək qiymətləndiriblər.

Sonra qonaqlar “Böyük insanın ömür anları” fotoalbomu ilə tanış olublar və "İz" sənədli filminin nümayişinə dəvət ediliblər.

Nümayişdən əvvəl Əməkdar incəsənət xadimi, kinoşünas, kinorejissor Ayaz Salayev Ulu Öndər Heydər Əliyevin uşaqlığından başlayaraq dövlət və siyasi fəaliyyətinə qədər öz həyatı haqqındakı monoloqları əsasında qurulan filmin süjet xəttindən bəhs edib. Film Ulu Öndər Heydər Əliyevin “Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur” fikrinə əsasən "İz" olaraq adlandırılıb. Bu baxımdan filmin ideyası böyük dövlət xadiminin müasir Azərbaycan tarixində qoyduğu izi ehtiva edir.

İzləyici Heydər Əliyevin həyat və fəaliyyəti barədə Ulu Öndərin öz dilindən eşidir. Filmin müəllifləri Heydər Əliyevin həyatının müxtəlif dövrlərindən, çıxış və müsahibələrindən kadrları ahəngdar şəkildə toplayaraq böyük və maraqlı hekayədə birləşdirməklə çox böyük iş görüblər. Bütünlükdə film ssenari müəllifinin Ulu Öndərin özünün olduğu müasir və müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir. Ekran işində Ümummilli Liderin həyatındakı həm şanlı səhifələr, həm də çətin vaxtlar, onun Azərbaycan ideallarına və xalqına sarsılmaz bağlılığı, vətənpərvərliyi və Vətən sevgisi, ölkənin müstəqil dövlət olaraq möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun gücləndirilməsi üzrə ardıcıl siyasəti, ölkə həyatının bütün sferalarının, ictimai həyatın və iqtisadiyyatın inkişafındakı böyük rolu, mədəniyyət və elm xadimlərinə diqqəti və qayğısı, mühüm layihələrin reallaşdırılmasındakı həlledici rolu, 90-cı illərin əvvəlində Azərbaycanı dağılmaqdan və parçalamaqdan xilas etməyi və Qarabağın işğaldan azad edilməsi üzrə səyləri öz əksini tapıb. Filmdə eyni zamanda işğal edilmiş ərazilərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzündən azad olunmasını, respublikamızın ərazi bütövlüyünün bərpasını və bununla Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzusunun reallaşmasını əks etdirən kadrlar nümayiş olunub.

Film həqiqətən çox heyrətamiz və təsirli alınıb, nümayiş zamanı dəfələrlə izləyici zalının alqışları ilə müşayiət olunub. Filmin sonunda isə izləyicilər ayağa qalxaraq Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti